İtaliya basketbolunda qanlı olay
İtaliya 2-ci Basketbol Liqasında (Serie A2) İtaliya çempionatının 6-cı turunda "Sebastiani Rieti" öz meydanında "Pistoia" ilə qarşılaşıb. "Pistoia"nın 88-73 hesablı qələbəsi ilə başa çatan matçdan sonra baş verən hadisələr oyunun özündən daha çox diqqət çəkib.
Avtobusa edilən hücum bir can aldı
Rai Radio 1-in məlumatına görə, səfərdən qayıdarkən avtobuslara minən "Pistoia" azarkeşləri hücuma məruz qalıb. "Pistoia" azarkeşləri Rieti bölgəsindən çıxana qədər polis müşayiəti ilə hərəkət edib. Lakin, Rieti şəhərinin sərhədlərini keçdikdən sonra ev sahibi komandanın azarkeşləri tərəfindən hücuma uğrayıblar.
"Sebastiani Rieti" azarkeşləri daşlarla avtobusa hücum edib. Atılan daşlardan biri şüşəni qıraraq ikinci sürücüyə dəyib. Avtobusun ikinci sürücüsü hadisə yerində göstərilən tibbi yardıma baxmayaraq həyatını itirib. Yaşanan faciə ilə əlaqədar "Pistoia" klubu rəsmi internet səhifəsində hadisəni qınayan bəyanat yayımlayıb.
Baş nazirdən sərt reaksiya
İtaliya Baş naziri Giorgio Meloni də sosial media hesabında baş verənlərə sərt reaksiya verib. Meloni, təhlükəsizlik qüvvələrinin araşdırmaya başladığını bildirərək deyib: "Bu dəhşətli xəbər qarşısında sözlər yetərsizdir. 'Pistoia Basket' azarkeşlərinin avtobusuna edilən hücum və avtobus sürücüsünün həyatını itirməsi qəbuledilməzdir. Bu, vəhşi bir zorakılıq aktıdır. Həlak olanın ailəsinə başsağlığı verirəm. Bu qorxaq hücumun günahkarlarının tapılması və ədalətə təslim edilməsi üçün təhlükəsizlik qüvvələrimizə güvənirəm".
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz